Sponsor Reklam

postheadericon Uşaqlarda qurd xəstəlikləri

Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmintlər parazitlik edə bilərlər.

Helmintlər uşağın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir.

Buna görə də valideynlər helmintlərlə yoluxma təhlükəsini bir an da yaddan çıxarmamalı – uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət etməyə öyrətməlidir.

Ancaq profilaktikaya əməl edilməsi heç də bütün hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, çirkli meyvələrı yeyirlər. Ona görə də 10 yaşına qədər olan praktiki olaraq bütün uşaqlar helmintlərə yoluxmuş olurlar.

Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir. Bunu və helmintlərin uşaq orqanizmi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində, həkim-helmintoloqun ilkin məsləhətindən keçməklə, bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür.

Bizquyruq

Bizquyruqla yoluxmayaenterobioz deyilir. Onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir. Bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir qırıntısına bənzəyir. Enterobioz immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir.Bizquyruqlar bağırsağın (xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalı dəliyinin iltihabını törədə bilirlər. Appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər.

Bizquyruqlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Axşamlar uşaqlar anal dəlik ətrafinı qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar.

Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdşləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış olur. Enterobioz zamanı uşaqlar bir çox hallarda ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur.

Enterobiozun diaqnostikası bir çox hallarda olduğu kimi, həm nəcisin (bu zaman nəcisdə canlı qurdlar və ya onların yumurtaları aşkar edilir), əksər hallarda isə anus ətrafındakı büküşlərdən götürülən yaxmanın müayinəsi zamanı qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Bu zaman uşağın anusuna xüsusi şəffaf lent yapışdırılır və bir qədər keçdikdən sonra onun üzərində mikroskop altında bizquyruq yumurtalarına görə müayinə aparılır.

Enterobiozun müalicəsi ya pediatr ya da helmintoloq (qurdların müalicəsi üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən aparılır. Müalicə zamanı sanitar gigiyenik rejimə də əməl etmək vacib hesab edilir. Hər gün səhər və axşam uşagın anusunun ətrafını yumaq, ora vazelin və ya uşaq kremi sürtmək, axşamlar uşağa dar tuman geyindirmək lazımdır. Səhərlər uşağın tumanını dəyişmək və qaynar suda yumaq, yataq dəstini isə isti ütü ilə ütüləmək lazımdır.

Bu zaman mütləq bütün ailə üzvlərini də enterobioza görə müayinə etmək və qurd yumurtaları aşkar edildiyi halda onları da müalicə etmək lazımdır. Müalicədən 10 və 30 gün keçdikdən sonra yuxarıda qeyd edilən qayda üzrə anus büküşlərindən götürülmüş yaxmanın müayinəsi aparılmalıdır.

Askarida

Askarida – uşaqlarda təsadüf edilən 2-ci daha çox yayılmış qurddur (helmint).Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Onlar insanların bağırsaqlarında parazitlik edirlər. Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, ürəkbulanmaya, gecələr ağızdan tüpürcək axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına, oyanıqlığa səbəb olur.

Bəzən askaridalar bağırsaqda o qədər çox olurlar ki, onlar yumaq şəklində bir-birinə dolaşaraq, ağır patoloji hallardan biri hesab edilən bagırsaq keçməməzliyinə səbəb olurlar. Bu halda vəziyyətdən çıxış yolu kimi, cərrahi əməliyyatdan istifadə edilir.

Böyüklərə nisbətən uşaqlar askaridaya daha çox hallarda və asanlıqla yoluxurlar. Askarida yumurtaları yaşadığınız evə çirkli ayaqqabılar, müxtəlif meyvə və tərəvəzlərlə, su ilə, natəmiz əllərlə gətirilə bilər. Onların yayılmasında milçəklərin də müəyyən rolu vardır.

Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur.

Müvafiq mütəxəssis (həkim pediatr və ya helmintoloq) tərəfindən aparılan düzgün müalicədən sonra uşaqlarda praktiki olaraq tam sağalma baş verir.

Askaridiozun profilaktikası üçün uşağın sanitar-gigiyenik normalara dəqiq şəkildə əməl etməsinə nəzarət etmək lazımdır. Uşaqlara yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsinə imkan verməmək, milçəklərin otağa daxil ola bilməməsi üçün pəncərələrə tor vurmaq lazımdır.

Uşaqların it və pişik askaridaları yumurtaları ilə yoluxması daha təhlükəli hesab edilir. Torpaq və qumda oynayan zaman uşaqlar bu qurd yumurtalarını uda bilərlər. İnsan askaridasından fərqli olaraq heyvan askaridaları qan dövranı ilə bütün orqanizmə yayılaraq müxtəlif orqanlarda (gözlərdə, beyində, ağciyərlərdə) yaşaya bilərlər. Askaridalar öz ifrazatları ilə uşaq orqanizmini zəhərləyərək onlarda ağciyərlərin və dərinin ağır allergik reaksiyalarına səbəb ola bilərlər. Bu askaridaların müalicəsi stasionar (xəstəxana) şəraitində aparılır. Müalicə uzunmüddətli olub, sağalma çətinliklə əldə edilir.

Tükbaş qurd

Tükbaş qurd - trixosefalez xəstəliyini törədir. Bu qurdun uzunluğu 3-5 sm-ə çatır. Əksər hallarda bu qurd kor bağırsaqda və appendiksda yaşayır. O, bağırsaq divarını deşərək qan ilə qidalanır, bağırsağın iltihabına səbəb olur. Bu qurdlar 5-6 il ömür sürürlər. Tükbaş qurd ilə yoluxma zamanı uşaqların əsas şikayəti qarının sağ tərəfində tutmaşəkilli ağrılar, ürəkbulanma və qusmadan olur. Onlarda ishal və ya qəbizlik, axşam yatarkən ağızdan tüpürcək axması, narahat yuxu, oyanıqlıq, qanazlığı və qandakı müxtəlif dəyişikliklər də təsadüf edilir.

Diaqnoz uşağın nəcisinin müayinəsi aparılmaqla təstiq edilir.

Aparılan müalicədən sonra tam sağalma qeyd edilir.

Bütün bağırsaq parazitləri (qurdları) ilə yoluxmanın profilaktikası sanitar-gigiyenik normalara riayət edilməsindən, qəbul edilməsindən qabaq bütün meyvə və tərəvəzlərin axar su altında yaxşı-yaxşı yuyulmasından ibarətdir.


Exinokok

Bu helmint insanın qaraciyəri və digər orqan və toxumalarını zədələyir. Exinokok bir kameralı qovuq şəklində olub ölçüləri diametrinə görə bir neçə mm-dən 15-20 sm-dək çata bilər. Qovuq əksər hallarda qara ciyərdə, bir qədər az hallarda ağciyərdə məskən salaraq uzun illər ərzində tədricən böyüyür.

İnsanın yoluxması əsasən, tüklərində bu parazitin yumurtaları olan itlərlə ünsiyyət nəticəsində baş verə bilər.

İri qurdlar orqanları sıxaraq, yerini dəyişdirərək onların funksiyasının və qan dövranının pozulmasına səbəb ola bilərlər. Qaraciyərin zədələnməsi nəticəsində sağ qabırğa altında ağrılar olur, qaraciyərin ölçüləri böyüyür, onun səthi nahamar olur, bəzən qızdırma, sarılıq,  hətta assit (qaraciyər damarlarının sıxılması nəticəsində qarın boşluğunda mayenin yığılması) əmələ gəlir.

Ağciyərlərin bu qurdla zədələnməsi zamanı xəstədə quru öskürək, təngnəfəslik, qanlı bəlğəm ifrazı baş verir. Xəstəlik illərlə davam edə bilər. Bu zaman xəstələrin vəziyyəti tədricən ağırlaşmış olur.

Xəstəliyin diaqnozu USM (ultrasəs müayinəsi), rentgenoloji və laborator müayinə nəticəsində qoyulur.

Bu ağır xəstəliyin müalicəsi yalnız cərrahi yolladır. Xəstəliyin profilaktikası itlərə qulluq zamanı tələb olunan sanitar-gigiyenik qaydalara əməl edilməsindən ibarətdir. Həmçinin, heç bir halda uşaqların həyət itləri ilə ünsiyyətdə olmasına da imkan verməyin.


2 Fikirlər - “Uşaqlarda qurd xəstəlikləri”

Fikir bildir

Ən Son Fikirlər
Banner
Facebook
Təqvim
Avqust 2014
Pts Sal Çar Per Cum Cts Paz
« Tem    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Get Widget