loading...

Uşaqlarda məktəb fobiyası

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlarda məktəb fobiyası
Uşaqlarımızın həyatında bu və ya digər səbəblərdən fobiyalar ola bilər - qaranlıq fobiyası, tək qalmaq fobiyası, valideynlərini itirmək fobiyası və s. Bu fobiyalardan biri də məktəb fobiyasıdır. Hər bir valideynin uşağına olan arzuları vardır. Bunlardan biri də məktəbə daxil olub, təhsilini müvəffəqiyyətlə başa vura bilməsidir. Sentyabr qabağı hazırlıqlar başlanır. Valideynlər uşaqlarının dərsə başlaması üçün bütün hazırlıqları görür. Lakin məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə sosial-psixoloji cəhətdən məktəbə hazır olmalıdır. Hazır olmadıqda bu uşaqlarda ciddi gərginlik yaradır. İlk növbədə uşaq dərsə getmək istəməyəcək, məktəbi qorxulu bir yer kimi yadında saxlayacaq. Valideynlər bunu adi bir uşaq nazı kimi qəbul etsələr belə, əslində bu heç də belə deyil. Çünki bu onlar üçün heç də asan olmur. Əgər əvvəllər həyatının mərkəzində sadəcə oyun oynamaq idisə, indi isə onlara müəyyən məsuliyyətlər verilib. Ayrıca müəyyən müddət partanın arxasında əyləşmək, müəllimənin dediklərinə qulaq asmaq uşaq üçün çətin olur. Məktəb sözünün özü belə bəzən uşaqlarda qorxu yaradır. Onlar elə hesab edirlər ki, məktəb başladığı andan valideynlər onlara oyun oynamağa imkan verməyəcək, sadəcə dərs elətdirəcəklərini düşünürlər. Valideynlər uşaqlara bunun belə olmayacağını danışmalı, başa salmalıdır. Bu bizlərdə də belədir. Yeni bir kollektivə girdikdə, biz ilk əvvəllər həmin kollektivə tez bir zamanda adaptasiya olunmaq istəyirik. Əgər bu bizə bir qat ağırdısa, bu onlar üçün on qat çətin olur. Ona görə də məktəb fobiyasını adi şəkildə qarşılamamalıyıq, uşaqların yanında olmalıyıq, onlar üçün bu yükü yüngülləşdirməliyik. Əslində məktəbi başqa cür danışsaq, sevilməyən tərəflərindən (səhər tezdən durmaq, məsuliyyət daşımaq və s.) çox sevilən tərəflərini danışsaq - onlara qazandığı yeni dostlarla birlikdə vaxt keçirdə biləcəyini, dərsləri ilə yanaşı oyun da oynaya biləcəyini, yeni bilgilər ala biləcəyini və s. - uşağın məktəbə adaptasiyası daha asan keçəcək. Biz valideynlər məktəb həyatının adaptasiya dövründə daim uşaqların yanında olmalıyıq. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsaq daha yaxşı olar. Bununla uşaq həm sevildiyini, həm də onlar üçün vacib olduqlarını göstərin. Məktəbdə başına gələn uğursuzluqlara belə sakit şəkildə qulaq asıb, onların hamının başına gələ biləcəyini, adi uğursuzluqda belə hər zaman onun yanında olacağımızı onlara göstərək. "Mənə güvənə bilərsən - mən səni hər zaman dinləyəcəm, səninlə hər şeyin öhdəsindən gələ bilərik" kimi ifadələr onları rahatlaşdırır. Çünki onlar arxalarında güvəndikləri insanın olduğunu biləndə, bu onlara özgüvən verir. Ən əsası hər zaman uşaqlarımızın əlindən tutub günümüzü onlarla əyləncəli hala çevirməliyik. Uşaqlar bu dövrdə həssas ola bilirlər. Onlara yanaşarkən bunu nəzərə almaq lazımdır. Bu dövrü düzgün şəkildə keçirtməliyik ki, sonrakı dövrlər uşaq üçün çətin olmasın. Çünki sonrakı dövrlər - yeniyetməlik, erkən gənclik dövrü - onlar üçün yeni problemlər yaradır. Bu dövrlər onlar üçün daha çətin keçə bilər. Uşaqlarda məktəb fobiyası ciddi şəkildə özünü göstərərsə, bu zaman psixoloq məsləhəti alınsa yaxşı olar. Uşaqlarımıza verə biləcəyimiz ən böyük xəzinə - sevgimizdir! Əliyeva Günel Mənbə:Dushunce.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 959
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN