SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Analıq problemləri

whatsappda paylaş Whatsapp-la göndər
Analıq problemləri
Gender bərabərliyi uğrunda mübarizə İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. XX əsrin sonunda "gender" anlayışı formalaşmışdır ki, bunu da "sosial cins" kimi səciyyələndirmək olar. Qadın və kişilər arasında sosial bərabərlik "gender bərabərliyi" kimi qəbul edilir. Qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi qəbul edilməməlidir. Bu proses, eyni zamanda, hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyata keçirilən siyasətdən asılı olmuşdur. Elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına, yaxud kəskin surətdə azalmasına şərait yaradır. Yeni texnoloji nailiyyətlər, eyni zamanda, qadınların ev işlərinə sərf etdiyi vaxtın qənaətini də təmin edir. Belə bir şəraitdə gender problemlərinin həllinə, yəni qadın və kişilərin cəmiyyətdəki vəziyyətində mövcud olan fərqlərin aradan götürülməsinə xidmət edir. Bəzi hallarda gender problemlərini qadınların vəziyyətinin qiymətləndirilməsi və yaxşılaşdırılması kimi qələmə verirlər. Lakin gender problemlərinin təkcə qadın problemləri kimi qiymətləndirilməsi düzgün deyil. Gender problemlərinin öyrənilməsi və bu sahədə olan problemlərin həlli həm kişilər, həm də qadınlar üçün vacibdir. Bu problemlərin həlli qadın və kişi arasında əmək bölgüsü münasibətlərinin yaxşılaşmasına və insan potensialının inkişaf göstəricilərinin yüksəlməsinə xidmət edir. Azərbaycan cəmiyyətində qadının mövqeyi Gender İnkişaf Əmsalı ilə yanaşı, qadınların inkişafına xidmət edə bilən imkanların mövcudluğu digər bir əmsalla hesablanır. Bu, xüsusi bir əmsaldır və qadınların imkanlarının genişlənməsini əks etdirir. Bu əmsalın hesablanmasında qadınların qanunvericilik qurumlarında təmsil edilməsi, rəhbər vəzifələr tutmaları da nəzərə alınır. Rəhbər vəzifələri dedikdə, qadıların nazir, xarici ölkələrdə səfir vəzifələrində çalışmaları, yaxud şəhər, ya digər yaşayış məntəqələrinin rəhbəri seçilməsi də nəzərə alınır. Dünya parlamentlərində qadınlar, orta hesabla, bu qurumun üzvlərinin 11,8%-ni təşkil edir. Azərbaycanda bu rəqəm 12%-dən çoxdur. Maksimal göstərici (42,7%) İsveç parlamentindədir. Minimal göstərici isə qadınların qanunvericilik qurumlarında tamamilə təmsil edilməməsi nəticəsində yalnız bəzi Asiya və Afrika ölkələrində müşahidə olunur.Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur. Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilir. Gender İnkişaf Əmsalının ən yüksək göstəricisi Norveçdədir. Yüksək göstəricilər, həmçinin Avropanın bəzi ölkələrində, ABŞ və Kanadada müşahidə olunur. Azərbaycanda bu əmsal yuxarıda adları çəkilən ölkələrdən az olsa da, bu göstəriciyə görə vəziyyət İtaliya, İspaniya, İsrail, Yunanıstan, Portuqalya, Çexiya, Macarıstan və bir sıra başqa ölkələrdə müşahidə olunan səviyyəyə yaxındır. Gender bərabərliyinin təmin edilməsi üçün qadınlar və kişilər arasında mövcud olan bərabərsizliyin aradan qaldırılması istiqamətində əsas məqsədlərə aşağıdakılar aiddir: * Yoxsulluqla mübarizə. Bu sahədə bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq, yoxsulluq sahəsində gender qeyri-bərabərliyi mövcuddur. Azərbaycanda da bu göstəricinin aşağı salınması üçün müvafiq siyasət həyata keçirilir. * Qadınların təhsil və təlimi. Bəzi ölkələrdə təhsil sahəsində gender qeyri-bərabərliyi mövcuddur və aradan qaldırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında təhsil və təlimdə gender qeyri-bərabərliyi mövcud deyil. * Qadınların sağlamlığı. Bu sahədə bir sıra ölkələrdə gender bərabərsizliyi müşahidə olunmasına baxmayaraq, qadınların orta ömür uzunluğu kişilərin ömür uzunluğundan, bir qayda olaraq, çoxdur. Lakin buna baxmayaraq, ölkəmizdə qadınların sağlamlıq problemleri mövcuddur və onlar aradan qaldırılmalıdır. * Cinsi əlamətə görə ayrı-seçkiliyin yolverilməzliyi. Qadınlara yalnış və qərəzli münasibət qızların ailə tərbiyəsindən başlayır. Qızlar artıq uşaq yaşlarından cinsi əlamət üzrə ayrı-seçkiliyi öz üzərində hiss edirlər. Belə ayrı-seçkiliyin mövcud olduğu ölkələrdə qızlara nisbətən oğlanlara daha çox diqqət və qayğı göstərilir. Onları daha yaxşı yedizdirir, geyindirir, daha çox həvəsləndirirlər. Təhsil almaq bacarıqlarını inkişaf etdirmək, öz ehtiyac və maraqlarını təmin etmək, yenilklərlə tanış olmaq, həyata öz şəxsi baxışlarını formalaşdırmaq üçün onlara daha geniş imkan yaradırlar. Nəticədə, belə cəmiyyətdə oğlanlar qızlara nisbətən daha mükəmməl təhsil alır və özlərini daha inamlı, arxayın hiss edirlər. Qadın hüquqları insan hüquqlarının ayrılmaz hissəsi kimi Bütün dövrlərdə qadının cəmiyyətdə rolu əslində böyük olub. Çünki qadın anadır. Hər bir cəmiyyətin özəyi ailədir. Ailə qadının üzərində nə dərəcədə böyük məsuliyyət düşdüyünü qəbul edən hər kəs bilir ki, savadlı, dünyagörüşlü, azad fikirli qadının uşağına verdiyi tərbiyə ilə dünyagörüşsüz, əzilən, istismar olunan, təhqir və təzyiqlərə məruz qalan qadının öz uşağına verdiyi tərbiyə arasında böyük fərq var. Qadınların evdə yaratdığı rahat mikromühit də bu amillə dolayısı ilə bağlıdır. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bunu hələ XİX əsrin sonlarında çox gözəl anlayır və qadınların təhsil almasında dinə zidd heç bir şey olmadığını təbliğ edirdi. Hacının vəsaiti ilə 1901-ci ildə Bakıda tikilən Qızlar məktəbi onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri idi. Deməli, qadınının insan inkişafı üçün mövcud olan məhdudiyyətlərlə üzləşməsi bütövlükdə cəmiyyətin inkişafına mane olur. Çünki cəmiyyətin və onun aparıcı qüvvəsi olan insanın inkişafı, irqindən, cinsindən, milliyyətindən, dini mənsubiyyətindən, yaxud coğrafi mövqeyindən asılı olmayaraq, hər bir insan üçün şərait yaradılmasını tələb edir!
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 526
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN