SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Abortdan sonrakı hamiləliyin ağırlaşmaları

whatsappda paylaş Whatsapp-la göndər
Abortdan sonrakı hamiləliyin ağırlaşmaları
Abort keçirtmiş qadının hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək ehtimalı abort olunmamış qadınlarla müqayisədə daha azdır. Abortdan sonra bir çox qadınların orqanizmində bu və ya digər pozulmalar inkişaf edir - hormonal pozulmalar, iltihablar və s. Məhz bu pozulmalar bəzən hətta sonsuzluğa səbəb olur. Belə sonsuzluq ikincili sonsuzluq adlanır. Bu sonsuzluq formasının əsas səbəbi məhz abortlardır. Əgər qadın abortdan sonra hamilə qalıbsa, bu zaman hamiləlik zamanı müxtəlif ağırlaşmalar mümkündür. Bunun səbəblərini izah edək. - Abort zamanı həkim qadının uşaqlıq boynunu xüsusi alətlərlə genişləndirir. Bu zaman uşaqlıq boynu travma alır, bəzən yırtılır. Bunun nəticəsində qadında uşaqlıq boynu çatışmazlığı inkişaf edə bilər. Bu nə deməkdir? Uşaqlıq boynu bütün hamiləlik zamanı bağlı olmalıdır və yalnız doğuşa yaxın açılmalıdır. Normada bu belə olmalıdır. Abortdan sonra növbəti hamiləlik zamanı travmaya məruz qalmış uşaqlıq boynu doğuş vaxtından tez açıla bilər ki, bu uşaqsalmaya gətirib çıxardacaq. Belə pozulması olan qadına hamiləliyin əvvəlində uşaqlıq boynuna tikiş qoyulur. Bu tikiş doğuşa yaxın sökülür. - Abort bir çox hallarda bitişmələrə səbəb olur. Bitişmələr həm uşaqlığın daxilində, həm də uşaqlıq borularında əmələ gələ bilər. Bitişmələr uşaqlıq borularının fəaliyyətini pozur ki, nəticədə qadında sonsuzluq inkişaf edə bilər. Bitişmələr həmçinin uşaqlıqdan kənar hamiləliyə səbəb ola bilər. Mayalanmış hüceyrə uşaqlıq borusunun daxilində "ilişir" və burada implantasiya edir (bitişir). Bu isə uşaqlıqdan kənar hamiləlikdir. - Abort həmçinin uşaqlığın iltihabına səbəb olur. Bu isə sonsuzluğa gətirib çıxarda bilər. - Abort zamanı həkim tək döl yumurtasını xaric etmir, həkim uşaqlığın selikli qişasını da qaşıyır. Nəticədə uşaqlığın daxili qatı zədələnir. Çoxsaylı abortlar nəticəsində uşaqlığın daxili qatı o dərəcədə zədələnir ki, embrion uşaqlığın daxili qatına implantasiya edə bilmir. Bəzən isə embrion uyğun olmayan yerdə implantasiya edə bilər (məsələn, uşaqlıq boynuna çox yaxın yerdə). Nəticədə burada cift inkişaf edir. Bu isə hamiləlik zamanı qanaxmalara, hamiləliyin erkən pozulmasına səbəb ola bilər. Əksər hallarda ciftin uşaqlıq boynuna yaxın yerləşməsi Qeysəriyyə kəsiyi əməliyyatının tətbiqinə səbəb olur. - Nadir hallarda olsa da çoxsaylı abortlar hamiləlik zamanı uşaqlığın yırtılmasına səbəb olur. Bu zaman güclü qanaxma inkişaf edir. Qadının həyatını xilas etmək üçün həkimlər qadının uşaqlığını xaric etməyə məcbur olurlar. Abortdan ən azı 6 ay sonra növbəti hamiləliyi planlaşdırmaq olar. Bu müddət ərzində qadının orqanizmi bərpa olunur, hormonal fon stabilləşir. Hamiləliyi planlaşdıran qadın mütləq ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 3380
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN