SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

İki alma. Cəlil Məmmədquluzadə.

whatsappda paylaş Whatsapp-la göndər
İki alma. Cəlil Məmmədquluzadə.
Axşam vaxtı gəzməyə çıxanda, hərdənbir balaca oğlumu da özümlə aparıram. Hər dəfə də məndən razı qalsın deyə, ona yeməli bir şey alıram. Bu dəfə də oğlum dükanlarda düzülmüş naz-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da demirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o, səbəbə ki, cibimdə çox pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadmal öyrənsin. Bir qədər dolandıq, sonra yolumuz çay kənarına düşdü. Amma oğlumu da bidamaq görürdüm. Çün tərbiyə öz qaydasınca, uşağın öz təbiəti – bu da öz qaydasinca. Onun üçün çox inad etməmək babətindən, dərya kənarında tabağa düzülmüş meyvələrdən iki şahıya iki dənə yaxşı qırmızı alma aldım və ikisini də verdim oğluma. Hərçənd oğlum almaları məndən aldı, amma gördüm ki, könülsüz aldı. Mən ondan bidamaqlığının səbəbini soruşmadım; çünki səbəbi aşkar idi. Bazarda bir az bundan qabaq o məndən iki şey istədi, heç birini almadım, sonra da nemsə qənnadı dükanının qabağından keçəndə şüşənin dalına düzülmüş rəngarəng konfet və şirniyyatdan istədi – almadım. Oğlum o dərəcədə məndən narazı imiş ki, mən almaları ona verəndən sonra da yenə bir söz danışmaq istəmədi və mən ona verdiyim suallara da çox meylsiz cavab verdi. Onu belə qaşqabaqlı görəndə mən özüm də bidamaq oldum və Azərneft idarəsinin qabağında duran tramvay vaqonlarının birinə oğlumu qaldırdım və özüm də mindim ki, gələк evimizə. Vaqonda hələ bizim ikimizdən başqa bir kəs yox idi. Oğlum boyda bir yetim rus uşağı cır-cındır içində, üz-gözü qapqara çirkli və iyrənc, gəldi durdu qabağımızda və məndən qəpik pul istədi. Cibimdə ancaq bir abbası gümüş pul var idi. Mən uşağa bir söz demədim ki, keçib getsin. Bir neçə arvad və kişi vaqona girdilər və sağımızda-solumuzda yer tutdular. Burada mənim fikrim getdi yetimə pul verməməyimə və dilənçiyə pul verməк lazımdı, ya lazım deyil məsələsi məni başladı məşğul etməyə; hər kəs nə deyir desin, ancaq dilənçi uşağa heç bir şey verməmək mənim xoşuma gəlmədi. Buradan ona işarə etmirəm ki, mən heç bir dilənçiyə yox demərəm; çünki ola bilər ki, bir para filosofların dilənçiyə pul vermək, onu bədbəxt etməк sifəti bəlkə mənə də sirayət edibdir. Ancaq sözün həqiqəti budur ki, bugünkü dilənçi uşağa bir qəpik verməməyim məni burada xarab etdi; o səbəbə xarab etdi ki, həmin dilənçi uşaq yaşda mənim atalı və analı oğlum, əyni-başı təzə, qarnı tox, bu saat burada mənim sağ tərəfimdə məndən incimiş oturmuşdu ki, niyə mən ona konfet almadım, ancaq iki alma aldım. Vaqonumuz hərəkət edib gedəndə pəncərənin şüşəsinin dalından gördüm ki, həmin dilənçi uşaq yerdə durub bir qırmızı almanı ağzına basıb yeyir. Qabaqca bir şey duymadım; amma həmin dəqiqə yanımdakı oğlumun almaları yadıma düşdü və çöndüm uşağa tərəf. Oğlum gülə-gülə mənə yavaşca bunu dedi: – Dədə, almanın birini verdim dilənçi uşağa. Bir dənə qırmızı alma öz-özlüyündə bir şey deyil; onun qiyməti iki qəpikdir və yeyib qurtarandan sonra heç bir şeydir. Amma mənəvi işlərdə bir almanın dəyəri ola bilər çox böyüк olsun. O qədər yüngüllük və könül xoşluğu ki, burada iki qəpiklik almadan mənə gəlib çatdı, nəhayət dərəcədə idi. Fəlsəfə aləminə gəldikdə, qeyriləri dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər düşsünlər və insaniyyət mütəxəssisləri bu məsələni nə tövr həll edirlər etsinlər, ancaq mənim balaca oğlum iki almasının birisini bir yetim uşağa verdi. Və ola bilər ki, oğlum da böyüdükdən sonra, bir para alimlərin “küçədə dilənçiyə ianə verməyiniz” nəsihətini eşidəndən sonra, onları küçədə görəndə mənim kimi üz çöndərəcəkdir. Ancaq hələ ki, indi oğlum bu işləri başa düşmür və onun üçün də iki almanın birini yetim uşağa verir. Cəlil Məmmədquluzadə Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1117
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN