loading...

Şəngülüm, Şüngülüm, Məngülüm. Mikayıl Müşfiq

whatsappda paylaş Whatsapp-la göndər
Şəngülüm, Şüngülüm, Məngülüm. Mikayıl Müşfiq
Biri varmış, biri yoxmuş, bir keçi varmış. Keçinin üç balası varmış. Birinin adı Şəngülüm, birinin adı Şüngülüm, o birinin də adı Məngülüm. Bu keçi hər gün gedib meşədə və çöldə otlayar, geri qayıdanda buynuzunda ot, ağzında su, döşlərində süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş. Şəngülüm, Şüngülüm, Məngülüm atıla-atıla, dingildəyə-dingildəyə qapının dalına gəlib soruşarmış: -Kimdir? Ana keçi belə cavab verərmiş: -Şəngülüm, Şüngülüm, Məngülüm! Açın qapını, mən gəlim! Ağzımda su gətirmişəm, Döşümdə süd gətirmişəm, Buynuzumda ot gətirmişəm. Şəngülüm, Şüngülüm, Məngülüm sevinə-sevinə tez qapını açarmış. Keçi içəri girib onların otunu, suyunu verərmiş. Yedirər, içirər, yatırarmış. Sabah örüşə gedəndə yenə də hər gün üçünün üzündən öpüb tapşırarmış: -Şəngülüm, Şüngülüm, Məngülüm, qurd sizi aldadar, aparar yeyər, ha. Hər kim qapını döydü, mən deyən sözləri eşitməmiş açmayın. Günlərin bir günü qurd Şəngülüm, Şüngülüm, Məngülümü yemək fikrinə düşdü. Keçinin qapısının ağzına gəldi. Yavaş-yavaş qapını döyməyə başladı. Şəngülüm, Şüngülüm, Məngülüm dingildəyə-dingildəyə qapının dalına gəlib səsləndilər: -Kimdir? Qurd dedi: -Mənəm, keçiyəm, balalarım, açın qapını. Şəngülüm, Şüngülüm, Məngülüm o saat bildilər ki, qapını döyən anaları deyil, qurddur, onlara kələk gəlir. Qurd nə qədər yalvardı, qapını açmadılar. Qurd qapını sındırmaq istəyirdi, bir də gördü ki, keçi gəlir. Qaçıb bir kolun dalına keçdi. Orda gizləndi ki, görsün Keçi qapını necə açır. O biri tərəfdən Keçi gəlib qapını döyə-döyə dedi: -Şəngülüm, Şüngülüm, Məngülüm! Açın qapını, mən gəlim! Ağzımda su gətirmişəm, Döşümdə süd gətirmişəm, Buynuzumda ot gətirmişəm. Şəngülüm, Şüngülüm, Məngülüm oynaya-oynaya gəlib qapını açdılar. Keçi içəri girdi. Həmişəki kimi onlara su, ot, süd verdi. Bir az ordan-burdan söhbət elədilər. Balaları qapının döyüldüyünü söylədilər. Keçi dedi: - O, xain qurddur. Sonra balaların üzündən öpüb getdi. İndi sizə xəbər verim qurddan. Qurd keçinin sözlərini öyrənmişdi. Koldan çıxıb bir az gözlədi. Sonra yavaş-yavaş gedib qapını döyməyə başladı. Çəpişlər oynaya-oynaya qapının dalına gəlib soruşdular: -Kimdir? Qurd səsini keçinin səsinə oxşadıb dedi: -Şəngülüm, Şüngülüm, Məngülüm! Açın qapını, mən gəlim! Ağzımda su gətirmişəm, Döşümdə süd gətirmişəm, Buynuzumda ot gətirmişəm. Balaları elə bildi ki, gələn analarıdır. Cəld qapını açdılar. Qurd o saat Məngülümü yedi, Şəngülüm, Şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı, onları tapmadı. Keçinin qorxusundan qaçıb getdi. Elə ki, qurd getdi, Şəngülüm, Şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncə qısılıb ağlamağa başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydüsə də, cavab verən olmadı. Çəpişlər elə bildilər ki, gələn yenə də qurddur. Ona görə səslərini çıxarmadılar. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi. Dalbadal bir buynuz, iki buynuz... Şəngülümlə Şüngülüm gördü ki, qapı sınacaq, gəlib qulaq verdilər, balaca deşikdən baxıb gördülər ki, analarıdır. Qapını açdılar. Keçi soruşdu: -Bəs, Məngülüm hanı? Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi hirslənib dedi: -Yaxşı, qurdla mənimki qalsın, siz qapını bağlayıb, evdə oturun. Bəli, keçi düşdü yolun ağzına. Birbaş dəmirçinin yanına gəlib dedi: -Dəmirçi qardaş, mənim buynuzlarımı qılınc kimi iti elə, nizə kimi şiş. Sənə bir kasa qaymaq, bir kasa da süd verəcəyəm. Dəmirçi razı oldu. Bir azdan keçinin buynuzları qılıncdan da iti oldu. Keçi onun qaymağını, südünü verdi. Sonra gedib çıxdı qurdun damının üstünə. Bu vaxt qurd bir qazan aş asmışdı, ocağın üstə bişirirdi. Keçi damı döyəcləyəndə bunun aşının içinə torpaq töküldü. Qurd hirslənib çığırdı: -O kimdir damım üstə, Toz tökər şamım üstə? Aşımı şor eylədi, Gözümü kor eylədi? Keçi cavab verdi: -Mənəm, mənəm, canavar Buynuzum qoşa-qoşa. Balamı sən yemisən Gəl girək bir savaşa. Qurd cavab verdi: -Çox gözəl, gəl savaşa, elə mən səni axtarırdım. Qurd sözünü tamam elədi. Dişlərini qıçırtdi, istədi keçini yesin. Keçi ona aman vermədi. Geri çəkilib irəli gəldi, elə bir buynuz vurdu ki, buynuzlar iki qarış onun döşünə işlədi. Qurd bərkdən ulayıb yerə yıxıldı. Keçi o saat onun qarnını yırtıb Məngülümü çıxarıb, bağrına basdı, gözlərindən öpdü. Qurd qışqırıb dedi: -Vay qarnım, vay. Keçi dedi: -Məngülümü yeməyəydin! Vay qarnım deməyəydin! Xain qurd öldü. Keçi balası Məngülümü götürüb evə yollandı. Şəngülüm, Şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən-gözündən öpdülər, şadlıq elədilər. Mikayıl Müşfiq Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 624
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN