SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yoxsul qoca ilə vəzirin nağılı

whatsappda paylaş Whatsapp-la göndər
Yoxsul qoca ilə vəzirin nağılı
Biri var idi, biri yox idi, bir qoca kişi var idi. Bu qoca kişi kimi görsə deyərdi: “Yaxşılara yaxşılıq eylə, pislərə öz pislikləri kifayətdir”. Bir gün padşah səfərdən qayıdırdı. Yolda həmin qocaya rast gəldi. Padşah çox tədbirli adam idi. Gördü ki, bu qoca öz-özünə danışır. Padşah atını onun yanına sürüb dedi: - Ay qoca, öz-özünə niyə danışırsan? Olmaya bir dərdin var? Qoca padşahın üzünə baxıb dedi: - Ey padşah, yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayətdir. Padşah bu sözü çox bəyəndi və dedi: - Qoca, bu sözü sabah gəlib mənim yadıma salarsan. Sabah oldu, qoca durub getdi padşahın qapısına. Padşah qapıçılara tapşırmışdı ki, bu sifətdə, bu libasda bir qoca gələcək, onu mənim yanıma buraxarsınız. Qapıçılar da onu içəri buraxdılar. Qoca girdi padşahın hüzuruna və dedi: - Ey padşah, yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayət edər. Padşah ona bir söz demədi. Qələmi aldı, bir kağıza bir neçə kəlimə yazdı, möhürlədi, qocaya verib dedi: - Aparıb verərsən burda adı yazılan şəxsə. Sabah gələrsən, bu sözü mənim yadıma salarsan. Qoca möhürlü kağızı aparıb çatdırdı həmin adama. Gördü ki, çox böyük adamdır. Kağızı açdı oxudu, gördü padşah yazıb ki, hərgah məni istəyirsən, bu qocaya bəxşiş verərsən. O adam qocaya çoxlu mal-dövlət verib yola saldı. Bu qocanın da bir xasiyyəti vardı ki, əlinə nə düşsəydi, qarşısına çıxan fağırlara paylardı. Ona verilən mal-dövləti də oradaca payladı. Sabah oldu. Qoca kişi yenə getdi padşahın hüzuruna və dedi: - Ey padşah, yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayət edər. Padşah yenə qələmi götürdü. Bir kağıza bir neçə kəlimə yazıb, möhürlədi, qocaya verib dedi: - Apar ver burada adı yazılana, sabah yenə gəl yanıma, bu sözü mənim yadıma sal. Qoca kağızı götürüb apardı sahibinə. Yenə gördü çox hörmətli adamdır. Bu adam kağızı açdı, gördü, yazılıbdır ki, hərgah mənim xətrimi istəyirsən, bu qocaya bəxşiş verərsən. Bu adam da qocaya çoxlu mal-dövlət verdi. Qoca da bütün bu mal-dövləti payladı qarşısına çıxan fağırlara. Bu tərəfdən də sizə xəbər verim padşahın qapı vəzirindən. Bu vəzir çox xain adam idi. Bir kişiyə yaxşılıq olmasını istəməzdi. Ondan-bundan padşaha xəbərçilik edərdi. Elə ki gördü qocaya padşahın çox iltifatı var, xainliyi tutdu. Bir hiylə işlətmək fikrinə düşdü. Gəlib padşaha dedi: - O qoca ki, sənin hüzuruna gəlib gedir, kənarda belə deyir ki, padşahın ağzından pis iy gəlir. Padşah bu sözü eşidib çox qəzəbləndi və dedi: - Hərgah qoca bu sözü demiş olsa, mən onu elə cəzalandıraram ki, başqasına da ibrət olar. Amma qocadan belə nalayiq söz çıxmaz. Vəzir dedi: - Bu işi imtahan edərsən, hərgah doğru olmazsa mənə cəza verərsən. Doğru olsa qocanı cəzalandırarsan. Padşah razılaşdı. Qoca yenə səhər tezdən padşahın hüzuruna gəlməyə üz qoydu. Vəzir onu yolda görüb dedi: - Ay qoca, görürəm sən yaxşı adamsan, padşahın sənə hörməti var. Nə olar ki, bizim evə də təşrif gətirib bir parça çörəyimizi yeyəsən. Qoca bu sözü qəbul edib getdi vəzirin evinə. Vəzir ona çox sarımsaqlı yeməklər verdi. Sarımsağın iyindən ona yaxınlaşmaq olmurdu. Qoca yeməyi yeyib getdi padşahın hüzuruna. Padşah imtahan etmək üçün qocanı yaxın gəlməyə çağırdı. Qoca ağzından sarımsaq iyi gəldiyinə görə padşahdan kənar durmaq istədi. Padşah yenə çağırdı. Qoca yaxınlaşdı, amma əli ilə ağzını örtdü. Padşah bu hal ilə vəzirin sözlərinə inandı. Padşahın bir xasiyyəti vardı ki, o heç zaman cəza üçün kağız yazmazdı. Cəzanı katiblər yazardı. Amma bu dəfə çox qəzəbli olduğundan özü kağız götürdü, şəhər hakiminin üstünə yazdı: “Bu kağızı gətirən adamı iki parça edib şəhərin qapısından asdırırsan və üstünə yazarsan ki, böhtan atan adamın cəzası belə olur” Kağızı yenə möhürləyib verdi qocaya. Qoca çıxdı getdi. Vəzir baxdı ki, qoca yenə əlində kağız gəlir, belə güman etdi ki, bu kağızı da padşah bəxşiş üçün yazıb. Vəzir tamahkar adam idi, tamah ona güc gəldi. Qocadan kağızı almaq məqsədi ilə dedi: - Ey qoca, padşahın sənə hörməti çoxdu, olar ki, o kağızı verəsən mənə, bəxşişi bu dəfə də mən alım? Qoca dedi: - Ey vəzir, mənə dünya malı lazım deyil, mən bu dövləti alıb aclara verirəm. Buyur götür kağızı apar, bəxşişi al. Vəzir kağızı aldı, düşdü yola. Çatdı şəhər hakiminin yanına padşahın kağızını ona verdi. Şəhər hakimi möhürü açdı, kağızı oxudu, təəccüblə vəzirə baxdı. Vəzir çox şadlıqla bəxşiş gözləyirdi. Tərsinə çıxdı, birdən hakim əmr etdi, vəziri tutub qolunu bağladılar. Vəzir halı belə görəndə ağlayıb dedi: - Ey hakim, bu iş yanlış olub, o adam mən deyiləm, başqasıdır. Padşahdan soruş, sonra məni öldür. Hakim dedi: - Mən padşahın əmrini poza bilmərəm. Yazıb ki, bu kağızı gətirən adamı iki parça edib şəhər qapısından asarsan. Mən də borcluyam əmri yerinə yetirəm. Hakim əmr etdi, vəziri iki parça edib, şəhər qapısından asdılar. Üstünə də yazdılar: “Böhtan deyənin cəzası belə olur”. İndi xəbər verək padşahdan. Padşah eşitdi ki, şəhərdə bir adam iki parça edilib. Qoca yadına düşdü. Çox kədərləndi. Tutduğu işdən peşman oldu. Çox kədərli oturmuşdu ki, bir də gördü qoca girdi içəri, dedi: - Ey padşah yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayət edər. Padşah çox təəccüb etdi, dedi: - Ey qoca, bu nə işdir, səni öldürmədilərmi? Qoca dedi: - Məni niyə öldürsünlər, padşah sağ olsun? Padşah dedi: - Dünənki kağızı kimə verdin? Qoca dedi: - Kağızı məndən qapı vəziriniz istədi. Mən də verdim ona ki, bəxşişi o alsın. Padşan başa düşdü ki, iki parça edilən vəzirdir. Dedi: - Dünən mən səni çağırdım. Sən nə səbəbə mənim yanıma gəlmək istəmədin? Gələndə də əlinlə ağzını örtdün? Qoca əhvalatı ona nağıl edib dedi: - Bu işə səbəb o idi ki, qapı vəziri məni qonaq edib çox sarımsaq yedirtmişdi. Ağzımdan sarımsaq iyi gəlirdi. Ona görə də əlimlə ağzımı örtdüm ki, iy sizə yetməsin. Padşah işi tamam öyrənincə bildi ki, bu işlər vəzirin hiyləsidir, qocanın günahı yox imiş. Qocaya öz xəzinəsindən çoxlu mal-dövlət bağışladı və dedi: - Qoca, daha zəhmət çəkib mənim hüzuruma gəlmə, çünki sən dediyin sözlərin nəticəsini artıq gördüm. Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1037
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN